Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının V Qurultayı keçirildi
5 iyun 2024-cü il tarixində saat 11:00-da "Ramada by Wyndham Baku" otelinin konfrans zalında Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının V Qurultayı keçirilmişdir. Qurultay başlamazdan əvvəl nümayəndələr Fəxri Xiyabanı ziyarət edib, orada Ulu öndər Heydər Əliyev və oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarı önünə çiçəklər düzmüş, onların əziz xatirələrini 1 dəqiqəlik sükutla yad etmişdilər.
Sonra hamı birlikdə "Ramada by Wyndham Baku" otelinə Qurultaya yollandılar.
Qurultayda "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının prezidenti İlyas Əliyev, vitse-prezidenti Xəyyam Nəsibov, Federasiyanın aparatı və Həmkarlar İttifaqının 107 nümayəndəsi iştirak edirdilər.
İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Ardınca Federasiyanın Prezidenti İlyas Əliyev hamını salamlayaraq, Qurultayı açıq elan etdi. Sonra Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Reqlamentə uyğun olaraq, açıq səsvermə yolu ilə qurultayın rəyasət heyəti, redaksiya, mandat və hesablayıcı komissiyalarının tərkibi və katibliyin üzvləri seçildi.
Nümayəndələr "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının 2017-2024-cü illərdə gördüyü işlərin hesabatı, nəzarət-təftiş komissiyasının hesabatı, əsas istiqamətləri, təşkilati məsələlərin daxil olduğu gündəliyi təsdiqlədilər.
İlyas Əliyev qeyd edib ki, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası tərəfindən son 7 ildə ittifaqın nizamnaməsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq, üzvlərinin əmək, sosial iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı müəyyən işlər görülüb. İştirakçılar gündəmdə duran məsələlərlə tanış olduqdan sonra, səsverməyə keçid aldılar və bütün məsələlər ardıcıllıq şəkildə səsə qoyuldu.
Sonra İlyas müəllim sözü Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibova verdi.
Xəyyam müəllim də Qurultay iştirakçılarını salamlayıb, çıxışına başladı. Öz çıxışında tarixi məqamlara toxunub, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf strategiyasından, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, böyük qayıdış proqramından, əmək, sosial və iqtisadi sferada təkamül proseslərindən bəhs etdi. Xəyyam müəllim xalqımız üçün ən vacib olan və çoxdan gözlədiyimiz - torpaqlarımızın geri qayıtması münasibəti ilə bağlı hamını bir daha təbrik edib, Şəhidlərimizin həyatı, qazilərimizin qanı bahasına qazanılmış, bu böyük qələbə ilə qürurlanmağa haqqımız olduğunu vurğuladı. Hətta Qafqaz Albaniyasının sərhədlərini bərpa edəcək tariximizin həqiqətlərini üzə çıxaracaq, ərazi bütövlüyünün bərpası sürətlə davam etdiyini və irəlidəki hədəflərimizə doğru dayanmadan irəlləyəcəyimizə də inandığını söylədi.
Xəyyam Nəsibov 2017-2024-cü illərdə Federasiyanın 7 illik fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etdi, qeydə alınmış dəyişikliklər, Həmkarlar sahəsindəki irəlləyiş və əldə etdiyimiz nailiyyətlər barədə söz açmışdır.
Xəyyam müəllim Hesabata nəzər salıb, bildirdi ki, 2017-2024-cü illərdə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı Federasiyaya ərizələr daxil olmuşdur və onların çoxu öz müsbət həllini tapmışdır. Bu müddət ərzində 133 müəssisə və təşkilatda ictimai müayinə işi aparılmış, 167 pozuntu aşkar edilmiş, onların 93%-nin aradan qaldırılmasına nail olunmuşdur, ümumi təşkilatlarda 433 nəfərin iş şəraiti yaxşılaşdırılmışdır.
2017-2024-cü illərdə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı Federasiyaya 44 ərizə daxil olmuşdur. Onlardan 33-ü işə bərpa ilə əlaqədar olmuşdur və müsbət həllini tapmışdı, 11 nəfərdən 6 işçinin əmək hüquqlarının müdafiəsi təmin edilmişdir. Son 5 ildə Federasiya tərəfindən "Streetnet İnternational" beynəlxalq alyansın xətti ilə 45 seminar, 13 dəyirmi masa, sahə fəallar məktəbində isə hər il 15-23 seminar keçirilmişdir.
Həmkarlar Federasiyası olaraq, müəyyən seminar və müsabiqələr keçirib, əsas məqsədimiz - işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq, işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır.
Biz daim ərizə və şikayətləri nəzərə alıb, üzvlərin hüquqlarının qorunmasını vacib görmüşük. Bu müddət ərzində Federasiyanın aparatına və üzv təşkilatlara daxil olan ərizə-şikayətlərin əksəriyyəti araşdırılıb, müvafiq tədbirlər görülmüşdür. Üzv təşkilatlardan daxil olmuş ərizələr maddi yardımın verilməsi və yollayışların ayrılması idi, hansı ki, 98% öz müsbət həllini tapmışdır.
Müasir vəziyyətdə Həmkarlar ittifaqı vətəndaş cəmiyyətini tarazlayan bir dayaqdır. Ötən dövrdə Federasiyanın Məclisində 8, İcraiyyə Komitəsinin 27 iclaslarında 460 yaxın məsələyə baxılmışdır. Federasiyanın və onun üzv təşkilatlarının məqsədi, sahədə çalışan işçilərin hüquq və mənafelərinin müdafiəsi, keçirilən tədbirlərdə sosial əməkdaşlığın inkişafı ilə bağlı kimi məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməməliyik.
Hər zaman söylədiyimiz kimi: Niyyət-Məqsəd-Əməlimiz həmrəylik göstərəcək bir hədəfə doğru xidmət etməlidir!
Bizim əsas məqsədimiz odur ki, hamımız bir araya cəmləşib, cəmiyyətin düzgün qurulmasında və formalaşmasında həmrəylik göstərək, məhz bu fikirlə yanaşma çox önəmlidir. Buna görə "HƏMRƏYLİK" sadəcə sözlə deyil, əməllə, həmrəy olub, qoyulan məqsədlərimizi və hədəflərimizi əldə etməyə doğru çalışmağımızla sübut olunmalıdır. Bunların hamısı dövlətimizin və gənc nəslimizin inkişafı üçün bir zəmin yaradır ki, daha ayıq olub, düşmənləri və xainləri uzaqlaşdırıb, ərazi bütölüyümüzü, tariximizi, mədəniyyətimizi qoruyub, gənclərə ardıcıllıq şəkildə ötürə bilək.
Sonra "Xidmət-İş" HİF-nın üzvlüyündə olan təşkilatların və rayonlar üzrə Həmkarlar İttifaqları sədrləri çıxış etdilər. Sədrlər öz çıxışlarında görülən işlərdən və mövcud olan problemlərdən danışdılar, təftiş komissiyasının hesabatı dinlənildi və növbəti illər üçün Federasiyanın fəaliyyətinin əsas istiqamətləri müzakirə olundu.
Hesabatların nəticəsində aşkar olundu ki, mütəmadi olaraq, üzvlər üçün Federasiya tərəfindən maarifləndirmə seminarları təşkil olunur. Sahə həmkarlar ittifaqı üzvlərinin istirahəti və sağlamlıqları bərpasının təşkili ilə bağlı əsaslı tədbirlər həyata keçirilib. 10 minə yaxın həmkarlar ittifaqı üzvü Sanatoriya və İstirahət Mərkəzlərinə yollayışlarla təmin edilib və müəyyən maddi yardımlar ayrılmışdır.
Çıxış edənlərin hər biri "Xidmət-İş" HİF-nın fəaliyyətini qənaətbəxş sayıb, üzvlükdə olduqlarından razı qaldıqlarını və bundan sonra da əməkdaşlıq edəcəklərini bildirdilər.
Sonra keçid aldılar səsverməyə və ilk olaraq, "Xidmət-İş" Federasiyasının prezidenti vəzifəsinə İlyas Əliyevin namizədliyi irəli sürüldü.
Açıq səsvermə yolu ilə İlyas Əliyev yenidən "Xidmət-İş" Federasiyasının prezidenti, Cəmaləddin İsmayılov və Xəyyam Nəsibov vitse-prezidentləri seçildilər.
Daha sonra Federasiyanın sədrlər namizədləri səsə qoyulub, seçildilər.
Qurultayda, bu il həyatlarında əlamətdar tarix ilə əlaqədar (yubiley yaşları) tamam olan 24 nəfər fəalları, 6 nəfər həmkarlar ittifaqı hərəkatının veteranları Federasiyanın Fəxri Fərmanı, 1 nəfər AHİK-in Fəxri Fərmanı, 1 nəfər "Həmkarlar ittifaqında xidmətə görə" döş nişanı ilə təltif olundular.
Sonda qurultay nümayəndələri üçün "Ramada by Wyndham Baku" otelində ziyafət təşkil olunmuşdur.