Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş növbəti tədbir keçirilib

14 iyul 2023-cü il tarixində "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Bakı Şəhər Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Bakı Şəhər Komitəsi rəhbərliyinin təşəbbüsü ilə təşkil edilmişdir.
"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Bakı Şəhər Komitəsinin sədri Xəyyam Nəsibov tədbiri açıq elan edib, hamını salamlayaraq, ilk öncə iştirakçıları Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Bir dəqiqəlik sükutdan sonra, o bu günkü tədbirin məhz bu gün, iyulun 14-də keçirilməsinin təsadüfi olmadığını bildirirərək, Ulu Öndərin 1969-cu ilin məhz iyulun 14-də ölkəmizin rəhbərliyinə gəldiyini iştirakçılara xatırlatmışdır. Sonra Ulu Öndərin zəngin həyat yolu və fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilmişdir. Xəyyam müəllim bəzi tarixi məqamlara toxunub, Qədim Qafqaz Albaniyasının hökmdarı, sərkərdə Cavanşirlə qoca şair Davdəki və Qarabağ xanlığının ilk xanı, sərkərdə Pənahəli xanı misal gətirib, qeyd etdi ki, tarix boyu hər hansı bir sərkərdə, dövlət başçısının ətrafinda sözün əsl mənasında ziyalılar toplaşıbsa, həmin dövlət, xalqın, vətənin sərhədləri qorunub, inkişaf olunaraq, qələcək nəsillərin möhkəm zəmin üzrə addımlamağına şərait yaratmış olur. Daha sonra Xəyyam Nəsibov bu günkü müstəqil Azərbaycanın inkişafı məhz Ümummilli Liderin gəlişindən sonra daha aydın göründüyünü vurğuladı və Heydər Əliyevin Vətənə və xalqına göstərdiyi əvəzsiz xidmətlərindən geniş məlumat verdi.
O bildirdi ki, Ulu Öndər tariximizin və mədəniyyətimizin qorunması üçün hər zaman çalışıb, dahilərimizin yubileylərinə aid möhtəşəm tədbirlərin keçirilməsi, onların ev muzeyləri, abidələrinin ucaldılması və bərpasına xüsusi diqqət yetirirdi. Bunlardan biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir, hansı ki, Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmışdır.
Xəyyam Nəsibov tədbir iştirakçılarına ardıcıllıqla söz verdi.
Çıxış etdilər:
- "Xidmət-İş" HİF-nın Səbail rayon həmkarlar ittifaqının sədri Tofiq Qədimov Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkə iqtisadiyyatında və xüsusilə bölgələrdə vüsət almış inkişafdan ətraflı məlumat verdi.
- Şair Günər Əliyev Ulu Öndərin dahilərimizə, yazıçı, şairlərimizə olan münasibətindən söhbət açaraq, babası şair Məstan Günərin ona danışdığı Heydər Əliyevlə görüşü ilə bağlı xatirələrini bölüşdü. Çıxışının sonunda Günər müəllim Ulu Öndərə həsr etdiyi "HEYDƏR ELƏ, EL HEYDƏRƏ SÖYKƏNİB" adlı yeni şeirini səsləndirdi.
- Əslən Cənubi Azərbaycandan olan, Beynəlxalq Musiqi Festivalının qalibi, bəstəkar və ifaçı Arif Mehmandost Ümummilli Lider Heydər Əliyevin xatirəsinə bəstələdiyi, Yasin Cavanın sözlərinə yazılmış, Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova ilə birgə ifa etdiyi "AZƏRBAYCANIMIN HEYDƏRİ GƏLDİ" yeni mahnısı barədə məlumat verdi.
- Xidmət-İş" HİF-nın Təşkilat şöbəsinin müdiri, Xətai rayon həmkarlar ittifaqının sədri Roza Eyubova Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanın rəhbərliyinə gəlişindən sonra Respublikada baş vermiş müsbət dəyişikliklər və şəxsi xatirələri barədə danışdı. Roza xanım böyük fəxr hissi ilə qeyd etdi ki, 1974-cü ildə o, tələbə olduğunda idman yarışlarında iştirakina görə Fəxri Fərmanla təltif edilmişdir və həmin Fərmanı Heydər Əliyev şəxsən özü ona və digər tələbələrə təqdim etmişdir.
- "Xidmət-İş" HİF-nın Bakı Şəhər Komitəsinin Təşkilat şöbəsinin müdiri Aynur Namazova Heydər Əliyevin Azərbaycan mədəniyyətinin və Azərbaycan Həmkarlar İttifaqının fəaliyyətinin inkişafı üçün gördüyü misilsiz işlər barədə danışdı. Çıxışınn sonunda o bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və onun silahdaşı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızın inkişafına göstərdikləri xüsusi diqqət və yorulmaz fəaliyyətləri nəticəsində ölkəmizin və xalqımızın yüksələn rifahı qeyd edilmişdir.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Vətənə olan sevgisini xüsusi qeyd edərək, onun bütünlüklə Azərbaycana bağlı olduğunu vurğuladılar.
Tədbirin sonunda X.Nəsibov bütün qonaqlara təşəkkür edib, hamıya fəaliyyətində yeni uğurlar arzuladı. Hansı sahədə çalışıb, peşəmizdən asılı olmadan, hər birimiz Vətənimizin, cəmiyyətimizin inkişafı uğrunda, gənc nəslin sağlam düşüncə ilə yetişdirilməsinə və zəngin tariximiz üçün faydalı olmağa çağırdı.
Sonda xatirə şəkli çəkildi.