Gənclər siyasəti qanun
Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal
iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi,
təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;
1.0.2. gənclər - yaşı 14-dən 29-dək olan şəxslər;
1.0.3. gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan
ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn;
1.0.4. istedadlı gənclər - təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə
xüsusi qabiliyyəti olan gənclər;
1.0.5. gənclər təşkilatları - gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi
tələbatlarının ödənilməsi və s. məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada
yaradılan qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar).