Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

Əhalinin məşğulluğunu artırmaq üçün

  • 17
    12/2021
  • 15:33
  • 78
  • 2
    0
17.12.2021 - 15:33
78
0

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının dekabrın 8-də keçirilmiş VI Məclisində müzakirəyə çıxarılan məsələlər içərisində "Qeyri-formal iqtisadiyyatda muzdlu işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi, platforma məşğulluğu və bu sahədə həmkarlar ittifaqlarının vəzifələri" barədə məruzə zəngin statistik məlumatları, dərin təhlili və aktuallığı ilə daha çox diqqət çəkdi. Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılovun təqdim etdiyi bu məruzədə deyilir ki, 2021-ci ildə muzdla işləyən insanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 min nəfər, başqa sözlə, 0,1 faiz artaraq 1678,4 min nəfərə çatmışdır. Onlardan 764,8 min nəfəri qeyri-dövlət sektorunda çalışanlardır. Bu o deməkdir ki, işçilərin təxminən yarısı işə əmək müqaviləsi bağlanmadan və sözləşmə olmadan qəbul edilibdir. Təəssüf ki, statistika orqanları məşğulluğun platforma prinsipləri əsasında işini quran təşkilat və müəssisələr barədə məlumat vermir. Lakin məşğulluq haqqında əldə olunan məlumatların təhlili kənd təsərrüfatında, ticarətdə (küçə ticarətçiləri), emaletmə sənayesində (yeyinti məhsullarının istehsalı, tikiş, ayaqqabı istehsalı), inşaatda, nəqliyyatda (taksi sürücüləri), daşınmaz əmlakla bağlı əməliyyatlarda (maklerlər) və s. qeyri-formal şəkildə məşğul olanların sayının çoxluğu haqqında daha inamla danışmağa imkan yaradır. Həyatın ritmini, işsizliklə bağlı problemləri nəzərə alarkən aydın başa düşmək olar ki, bu gün əmək bazarını daha çevik, rəqabətqabiliyyətli etmək, əhalinin məşğulluğunu artırmaq üçün platforma məşğulluğu zəruridir. Həmkarlar ittifaqlarının bu istiqamətdə işləməsi, nəyəsə nail olması üçün həm qanunvericilik bazası, həm yerli, həm beynəlxalq qərarlar, metodik göstəricilər var. Misal kimi, "2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üzrə Hesabat"ı göstərmək olar. Hesabatda AHİK-in ictimai həyatda və vətəndaş cəmiyyətində iştirakı, sosial dialoqun təşkili, həmkarlar ittifaqlarının mühüm vəzifələri və fəaliyyəti, ölkədə DİM-in göstəricilərinin monitorinqi haqqında kifayət qədər məlumat toplanıb. Toplu barədə keçirdiyimiz tədbirlərdə  iştirakçılara məlumat verilib.

Həmkarlar ittifaqı işçilərinin daha bir stolüstü nəşri Azərbaycan və ingilis dillərində çap olunmuş "Azərbaycanda COVID-19 pandemiyası müddətində zərərçəkmiş sahələr üzrə durumun təhlili və həmkarlar ittifaqlarının mövqeyi" adlanır. Bu kitabda COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına, qeyri-formal iqtisadiyyata və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili əksini tapıb. Kitabda dərc olunan yazılarda koronavirus pandemiyası dövründə iqtisadiyyatın qeyri-formal sektora göstərdiyi müsbət və mənfi təsirlər, əmək bazarı və məşğulluqla bağlı iqtisadiyyatın itki ilə üzləşən sahələri və s. araşdırılıb. Qeyd olunub ki, iqtisadiyyatımız, üzləşdiyi pandemiya "sürprizinə" baxmayaraq, əvvəlki kimi sosialyönümlülüyünü qoruyub saxlamaqdadır. Bununla yanaşı, yazılır ki, həmkarlar ittifaqları vətəndaşların əmək və sosial təminatlarının müdafiəsi işçi missiyasını heç bir halda zəiflətməməlidir, müəssisə ödəmə qabiliyyətini itirdiyi hallarda işçilərin müdafiəsini təmin etmək məqsədilə əlavə mexanizmlər axtarılıb tapılmalı və tətbiq etməlidir.

Məruzədə qeyd olundu ki, bu il sosial şəbəkələrdə "Sosial dialoq, sosial əmək münasibətlərinin inkişaf forması" mövzusunda Federasiyanın saytında və facebook səhifəsində silsilə yazılar verilmişdir. Qəzetlərdə maarifləndirici materiallar dərc etdirilmişdir.

C.İsmayılov diqqətə çatdırdı ki, hesabat dövründə Federasiyanın poçtuna ittifaq üzvlərindən çox sayda müraciət daxil olmuşdur. Müraciətlərin müəlliflərinin əksəriyyəti məcburi köçkün, şəhid ailəsi, keçmiş həmkarlar ittifaqı üzvləridir. Ərizə və şikayətlərin 98 faizi müsbət həll olunub. Növbəti əmək məzuniyyətinin ödənilməsi, qeyri-iş günləri, sosial məzuniyyətin və əlavə məzuniyyətlərin verilmə şərtləri, əlillik, pensiyanın hesablanması və sair məsələlərə aid şifahi hüquqi məsləhətlər alanlar da az olmayıb. Federasiya pandemiya ilə əlaqədar onlayn iclaslarında, seminarlarda həmkarlar ittifaqının vəzifələrinə aid məsələləri müzakirə etmiş, sahə həmkarlar ittifaqları təşkilatlarına tövsiyələr vermişdir.

Məruzə ətrafında Abşeron, Gəncə, Qazax, Quba və digər rayon təşkilatlarının sədrləri çıxış edərək, rəylərini və təkliflərini bildirdilər.

Məclisdə digər məsələlərə də baxıldı. "COVID-19" infeksiyasının yaratdığı mövcud şəraiti nəzərə alaraq həmkarlar ittifaqı təşkilatlarının bütün vəsilələrində hesabat-seçki yığıncaqlarının 2024-cü ilədək təxirə salınması barədə qərar qəbul edildi.