Bakı Biznes və Kooperasiya Kollecində eləcə də Azərbaycan Kooperasiya Universitetinin gənclər təşkilatının fəallarının iştirakı ilə təqdimat keçirildi

Bu ilin oktyabr ayının 26-da Bakı Biznes və Kooperasiya Kollecində, 27 oktyabrda isə Azərbaycan Kooperasiya Universitetinin gənclər təşkilatının fəallarının iştirakı ilə AHİK -in təklifinə əsasən "Təhsil, peşə təhsili, onun müasir formaları, həmkarlar ittifaqının yeni təhsil konsepsiyasına cəlb olunması üzrə vəziyyətin təhlili, atılacaq addımlar" istiqamətində təqdimatlar keçirilmişdir. Dinləyicilər qarşısında Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov və Gənclər şurasının üzvləri çıxış ediblər. Öz çıxışında C. İsmayılov qeyd etmişdir ki, ölkəmizdə fəal gənclər siyasəti əsasında bir çox sosialyönümlü dövlət proqramlarına və strategiyalara, o cümlədən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına və "2019-2030-cu illərdə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"na, habelə Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci "Layiqli Əmək üzrə Ölkə Proqramı"na uyğun olaraq, gənclərin peşə-ixtisas hazırlığının yüksəldilməsinə, məşğulluğunun artırılmasına yönələn mühüm addımlar atılır. Azərbaycan, gənclərin məşğulluq probleminin həlli ilə bağlı BƏT-in müvafiq konvensiyalarına, qətnamələrinə qoşulub. "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" qanunlar qəbul olunub. Bunlar əmək münasibətlərinin leqallaşması, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, əhalinin məşğulluğu sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və s. aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin artmasına, inklüziv məşğulluğun təmin olunmasına, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, ölkədə əmək bazarında yeni tənzimləmə mexanizmlərinin formalaşmasına zəmin yaradıb. Ölkədə gənclərin məşğulluğunun artırılması sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi bir çox beynəlxalq təşkilatlarla, xüsusilə Beynəlxlaq Əmək Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı və digərləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Eləcə də BMT İnkişaf Proqramı ilə birgə icra olunan "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyətlərinə, onların kiçik biznes qurmasına dəstək göstərəcək ki, bu sırada gənclər də vardır. Azərbaycanda insan kapitalı indeksinin 2020-ci ilə olan göstəricisinə əsasən, bu gün respublikamızda doğulan körpə əgər tam orta təhsil alarsa və sağlamlığı qaydasında olarsa, böyüyəndə onun səmərəlilik əmsalı 60 faiz təşkil edəcək. Tədris illərinin miqdarını və tam orta təhsilin səviyyəsini nəzərə alsaq, Azərbaycan yüksək savada malik ölkələrdən hesab olunur. Məşğul əhali arasında təhsilin səviyyəsi orta hesabla 13 tədris ilinə bərabərdir ki, bu da yüksək göstəricidir. Orta təhsil sahəsində irəliləyiş göz qabağındadır, amma bunu tam ali təhsil alanlarla bağlı söyləmək çətindir. Valideynləri ilə müqayisədə universitetləri və texniki təmayüllü ali məktəbləri bitirən gənc nəslin payı xeyli azalmışdır. Bu zaman məzunların 42 faizi ixtisası üzrə özlərinə iş tapa bilirsə, yerdə qalanların belə bir şansı yoxdur. Tədrisin qiyməti tələbələrin sayına heç cür təsir göstərmir. Hər il ali məktəblərdə 6 minə yaxın plan yeri boş qalır. Həm "ödənişli", həm də "ödənişsiz" bölmələrdə oxuyan tələbələr eyni fənləri keçirlər. Sadəcə olaraq, ikincilərin əvəzinə təhsil haqqını dövlət, birincilər isə özləri ödəyir. Aparılmış tədqiqatların nəticələrinə görə, təhsilə qoyulan özəl sərmayə özünü 6,1 faiz doğruldur. Bu, bütövlükdə müsbət hal sayılsa da, amma hər halda orta dünya səviyyəsindən 8-10 faiz aşağıdır. Eyni zamanda ali təhsildə özəl sərmayənin ümumi həcmi (orta səviyyəyə nisbətdə) cəmi 9 faiz təşkil edir. Azərbaycanda dövlətin təhsilə ayırdığı maliyyə vəsaiti o qədər də yüksək deyildir. Bu göstərici 2018-ci ildə ÜDM-nin cəmi 3 faizini təşkil etmişdir ki, bunun da yalnız 10 faizi ali təhsilə yönəldilmişdir.
Federasiyanın Gənclər Şurasının sədri S. Nəbiyev və üzvü D. Kazımzadə vurğuladılar ki, Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin 29 yaşına qədər olan məzunları üçün "Gənclərin Məşğulluğu Proqramı"-nın reallaşdırılması gənclərin uğurlu karyera planlaşdırmasına, xüsusilə də regionlarda əlavə iş yerlərinin yaradılmasına, gənclərin ilk iş təcrübəsi əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək. Hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir. Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır. İşəgötürən istəyir ki, qəbul etdiyi adam işə peşəkar səviyyədə başlasın. Mövcud təhsil sistemi hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Ümumi iqtisadi fəal əhalinin 22 faizini gənclərin təşkil etməsi böyük rəqəm deyil. Ölkə Prezidenti İlham Əliyev Təhsil naziri ilə danışığı zamanı ona 5 il sonra sıradan çıxacaq peşələrlə bağlı xəbərdarlıq edib və o peşələr üzrə təhsilin davam etdirilməməsi ilə bağlı fikrini deyib, təhsilin planlaşdırılması üzərində dayanıb. Lakin, heç nə dəyişilməyib. Ali məktəbə və ya peşə məktəbinə daxil olduqları andan etibarən hər bir abiturient öz karyeralarını düşünməlidir, təhsil aldığı ixtisas üzrə könüllü işlərdə işləyib təcrübə qazanmalıdır, təhsil səviyyəsini təkminləşdirilməlidir. Bu o deməkdir ki, o bu gün tələb olan kompyuter, dil, peşə təhsilinə aid olan əlavə kursları bitirməlidirlər ki, işlə təmin oluna bilsin. Könüllü kimi qeydiyyata düşüb əmək kitabçalarında iş təcrübəsi yazılsın. Birdən-birə yüksək maaşı almaq mümkün deyildir. Öncə ixtisas üzrə yaxşı təcrübəyə malik olmaq, treninq və seminarlarda iştirak etmək lazımdır. Gələcəkdə iş müsahibələrinə gedərkən, bu, onların mövqeyini daha da gözəl ifadə etməyə imkan yaradacaqdır.Əmək bazarında tələb edilməkdən ötrü daim öyrənmək və fərdi səriştəliliyi inkişaf etdirmək lazımdır. Hər kəs ayrı-ayrılıqda öz hüquqlarını bilməlidir, qorumağı öyrənməlidir, və gələcəkdə onlar bu hüquqları kollektiv şəkildə müdafiə eləməyi bacaracaqlar.
BBKK HİK sədri M. Cəbrayılov və AKU HİK sədri M.Tağıyeva gənclərin təlimində həmkarlar ittifaqının vəzifələrdən danışarkan bildirmişdirlər ki, Həmkarlar ittifaqları strukturunun bütün səviyyələrində həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin effektivliyini qaldırmaq üçün məlumatlandırılmasının gücləndirməsi, həmkarlar ittifaqına üzvlük motivasiyası üzrə innovativ proqramların və yeni imicinin formalaşdırılmasına dair tədbirlər həyata keçirilməsi, ən əsası isə həmkarlar ittifaqı liderlərində və fəallarda zəruri bacarıq və vərdişləri inkişaf etdirməsi üçün böyük səy və istək lazımdır.
Görüş sual-cavab formatda işini bitirdi.